27.12.2021

Hadrut qəsəbəsində hərbi hissənin açılışı

    Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır. Hərbi sahəyə böyük diqqət yetirilir, çünki hərbçilərin xidmət şəraiti elə olmalıdır ki, onlar istənilən vəzifəni icra edə bilsin, hazırlıq üçün, məşq üçün yaxşı şərait olsun. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımi standartlara cavab verir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunmuşdur. Cari ilin sonuna qədər 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir. Ordu dövlət tərəfindən, Prezident, Ali Baş Komandan tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın Müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır. Orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq. Müharibədən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özlərini fəda etməyə hazır olan övladlarımız bu briqadalarda xidmət edəcəklər. Belə briqadalar çox olacaq, minlərlə hərbçimiz bu briqadalarda xidmət edəcəklər. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.

    Strateji qəsəbəni işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Hadrut işğalçılardan azad edilməsəydi, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir. Mənfur düşmən 30 il ərzində işğal altında olan bütün torpaqlarda güclü istehkamlar və bir neçə xətdən ibarət müdafiə sədləri qurmuşdu. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin təbii relyefi də düşmən üçün əlverişli idi. Çünki bu dağlarda, təpələrdə yerləşərək onlar böyük hərbi üstünlüyə malik idilər. Ona görə bizim hərbçilərimizin həm peşəkarlığı, həm fiziki gücü, mənəvi hazırlığı, vətənpərvərliyi, fədakarlığı bu şərəfli Qələbəmizə nail olmaq üçün bizə imkan yaratdı. Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər.

 


Açar sözlər: ,