23.12.2021

Xalqın etimadını və rəğbətini qazanmış Prezident

    1961-ci il dekabrın 24-də Bakı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri, dahi dövlət xadimi Heydər Əliyev və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olmuş İlham Heydər oğlu Əliyev 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə peşəkar diplomatlar hazırlayan və dünyanın ən nüfuzlu ali məktəblərdən biri hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli Lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciəti: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”


Açar sözlər: