29.11.2021

Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf edir

İl ərzində Azərbaycan və Rusiya arasında çox fəal dialoq aparılıb. İkitərəfli münasibətlər sürətlə inkişaf edir. İkitərəfli formatda çox məsələlər həll olunub. Münasibətlər bütün istiqamətlər üzrə qarşılıqlı maraqlar üzərində inkişaf edir. Əmtəə dövriyyəsi artır. İqtisadi sahədə əməkdaşlığa, o cümlədən biznes dairələri arasında qarşılıqlı maraq çox güclüdür. Münasibətlər çoxlu sahələri ehtiva edir. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır. 15 mindən çox azərbaycanlı tələbə Rusiyanın ali məktəblərində təhsil alır. Bu fakt ölkələrimiz arasında körpü deməkdir. Rusiya tərəfin fəal iştirakı ilə Azərbaycanın və Ermənistanın intellektualları, mədəniyyət xadimləri arasında əlaqələrin nizamlanması üçün cəhdlər atılır. Son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib. Həftə ərzində Rusiya ekspert mərkəzinin və Rosekzimbankın iştirakı ilə biznes konfransı keçirilib. Tədbirdə Rusiyanın 30-dan çox şirkəti iştirak edib.

Azərbaycan delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırdır. Ermənistan tərəfinə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində iş başlanılsın. Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş toqquşmalar risklərə nəzarət etmək, onları minimallaşdırmaq və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, o cümlədən üçtərəfli formatda müzakirəsini zəruri edir. Keçən il noyabrın 10-dan etibarən Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətə başlaması ilə əlaqədar ciddi hadisələr olmayıb, yalnız sistemli böhran xarakteri daşımayan müəyyən təsadüfi insidentlər olub. Azərbaycan və Ermənistan sərhədində silahlı toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyət zonası deyil. Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir. . İl ərzində çox mühüm hadisələr baş verib. Fikir ayrılıqlarının nizamlanması işində qəbul edilmiş qərarlar Cənubi Qafqazda vəziyyətin daha təhlükəsiz və proqnozlaşdırıla bilən olmasına şərait yaradacaq.

 


Açar sözlər: ,