14.10.2021

Həmrəylik Qələbənin səbəbidir

                                        

Ermənistan torpağımızı işğal edərək Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyub, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular. Ermənilərin Hayastan adlı böyük bir fondu var. Hayastan, əslində, Ermənistan deməkdir. Ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu Hayastan fondu bəlkə də bir neçə milyard pul yığmışdır. Həmçinin Amerikada yaşayan zəngin ermənilər öz xüsusi fondlarını yaradıblar, öz ailə üzvlərinə aid fondlar yaradıblar. Otuz il ərzində bəlkə də ən azı bir neçə milyard pul yığılıbdır və o pulun taleyi məlum deyil. Çünki azad edilmiş bütün yerlərə baxdıqda, hətta erməni əhalinin yaşadığı yerlərə baxdıqda, orada heç bir inkişafın əsər-əlaməti yoxdur.

Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Hadrutun ətrafında yerləşən bütün dağları işğalçılardan təmizləyəndən sonra aydın oldu ki, qəsəbənin götürülməsi, sadəcə olaraq, müəyyən zaman tələb edir. Az itkilərlə qəsəbəni götürməyə nail olduq. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə bəyan edirdi ki, Hadrut ermənilərin əlindədir. Azərbaycan Ordusu Hadrutda ölkəmizin bayrağını qaldırdı və erməni yalanlarına son qoyuldu. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilmişdir. Müharibə başa çatandan sonra Ermənistanın Şirak vilayətindən keçmiş Hadrut rayonunun bəzi kəndlərinə xüsusi diversiya qrupu göndərilmişdi. Onlar noyabrın sonlarında Laçın dəhlizindən keçərək bu bölgələrə daxil oldular. Diversiya qrupu tərksilah edildi və həbs olundu. Cinayət törətməmiş hərbçilər geri qaytarıldı, cinayət törətmiş hərbçilər, diversantlar artıq məhkəmə qarşısında cavab verməli oldular. Hətta müharibə başa çatandan, Ermənistan kapitulyasiya aktına imza atandan təxminən 20 gün, iki həftə sonra onlar yenə də Hadruta hücum etməyə çalışdılar. Amma Azərbaycan Silahlı Qüvvələri lazımi addımları atmışdı.

Müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin fəaliyyətini unutmaq  olmaz. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Yaralılar döyüş meydanından dərhal çıxarılaraq sanitar maşınlarla ən yaxın olan tibb mərkəzinə aparılırdı. Həm həkimlər, həm icra orqanlarının nümayəndələri, eyni zamanda, əsgərlər bir çox hallarda öz həyatlarını risk altına ataraq yaralı yoldaşlarını döyüş meydanından çıxarıb həkimlərin sərəncamına, ixtiyarına vermişdilər. Bizim son illər ərzində tibb mərkəzlərinin coğrafiyasına fikir verdikdə görünür ki, cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrə xüsusi diqqət göstərilirdi. Bu da təsadüfi deyildi. Çünki müharibə qaçılmaz idi. Zəfərdən danışarkən xalqımızın həmrəyliyini qeyd etməliyik. Çünki Azərbaycan xalqı Ordumuzun arxasında dayandı və Qələbəyə inandı. Bunun nəticəsində Azərbaycan tarixi Zəfər çaldı.