23.07.2021

Strateji tərəfdaşlıq

Bu gün Azərbaycan xarici siyasətində cox qütblü siyasət aparırki buna bariz misal kimi də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfərini göstərmək olar.Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur.Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur.

Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır.Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.

Avropa İttifaqı və Azərbaycanın rəhbərliyi altında Məşvərət Şurası bu layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir. Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur. Eyni zamanda, artıq 15 ildir ki, Azərbaycan Avropa istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Qaz təchizatçısı kimi Azərbaycanın potensialı artacaq və bu, ixracatçı olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi layihəsinə çevirir.

İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar var. Bu gün daha miqyaslı əməkdaşlıq üçün yeni imkanlar yaranıb.

Avropa İttifaqı ilə əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. Mövcud əlaqələrə əlavə, növbəti təkan verilməlidir. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil. Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başlanılan layihələrin əsasında olmalıdır.

Bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın məsuliyyətli dövlət olmasından xəbər verir. Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. Sərhədlərin delimitasiyası məsələsində də Avropa İttifaqı yaxından iştirak etməyə hazırdır.

Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır. Dayanıqlı sülh və rifah naminə regionda olan ölkələr arasında əməkdaşlıq əlaqələri genişlənməlidir.

Azərbaycan ərazilərinin uzun müddət Ermənistan tərəfindən işğalına son qoydu. Azərbaycan Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. Ona görə də indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır.

Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcək. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq, o, 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib. Eyni zamanda, biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmışıq. Artıq bu yaxınlarda Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaq.

Bu gün artıq Azərbaycan  aparılmış düzgün və ehtibarlı siyasət nəticəsində nəinki regionun, hətta dünya  xarici siyasətinin tərkib hissəsi kimi secilən bir ölkəyə cevrilmişdir.

Var olsun Azərbaycan dövləti!

 


Açar sözlər: ,