16.07.2021

Milli mətbuatın inkişafına dəstək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Əsas strateji əmtəəsinin informasiya olduğu müasir informasiya cəmiyyəti bu sahədə mövcud və potensial münasibətləri, habelə fəaliyyətləri tənzimləmək məqsədilə müvafiq institutların və nəzəri-konseptual sənədlərin hazırlanmasının qayğısına qalır. Dövlətin informasiya siyasətinin yaranmasını da belə bir zərurət səbəbləndirir. Dövlətin informasiya siyasəti dedikdə, dövlət orqanlarının informasiya sektorunun inkişafına yönəlmiş tənzimləyici fəaliyyəti başa düşülür. İnformasiya sektoru telekommunikasiya, informasiya sistemlərini və kütləvi informasiya vasitələrini, habelə hər növ (işgüzar, əyləncəli, elmi-tədris, xəbər və sair) informasiyaların yaradılması, mühafizəsi, işlənilməsi, nümayişi, ötürülməsi ilə bağlı istehsalın və münasibətlərin məcmusunu əhatə edir. Bu siyasətin həll etdiyi vəzifələr çərçivəsində KİV-in fəaliyyətində birmənalı olaraq önə keçən fərdi, cəmiyyət və dövlət maraqlarının uzlaşdırılmasına və tənasübünə yönəlmiş bütöv bir təşkilati, hüquqi, iqtisadi və texnoloji tədbirlər kompleksini fərqləndirmək mümkündür. Əsas məqsəd kütləvi informasiya vasitələrinə elə bir şəraitin yaradılmasıdır ki, onlar cəmiyyətin və sosial təsisatların obyektiv şəkildə məlumatlandırılması kimi imperativ funksiyalarını effektiv və keyfiyyətli şəkildə yerinə yetirə bilsinlər. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncə kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsədlərdir. Kütləvi informasiya vasitələri hakimiyyətin fəaliyyəti haqqında cəmiyyətin məlumatlandırılmasını və ictimai fikrin ifadə olunmasını təmin edən təsirli vasitədir. Və kütləvi informasiya vasitələrinin bu xüsusiyyətləri onları dövlətin informasiya siyasətinin mühüm sosial institutlarından birinə çevirir. Qloballaşma və inteqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada hər bir kəsin obyektiv və qərəzsiz informasiya almaq imkanının olması obyektiv zərurətə çevrilmişdir. Açıq və şəffaf cəmiyyət quruculuğu yolu ilə gedən müstəqil Azərbaycanda da demokratik inkişafın və vətəndaş cəmiyyətinin mühüm təminatçısı, informasiya istehsalçısı və yayımçısı olan kütləvi informasiya vasitələrinin roluna mühüm yer verilir. Son iki onilliyə yaxın bir dövrdə Konstitusiya müddəaları əsasında həyata keçirilən hüquqi islahatların nəticəsi olaraq bu gün Azərbaycan Respublikası söz, fikir və mətbuat azadlığının yüksək səviyyədə qorunduğu tolerant və plüralist məkan kimi tanınır. Ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunmuş, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir təşkilatın tamhüquqlü üzvlüyünə qəbul olunan Azərbaycan ölkədə söz, mətbuat azadlığının, fikir plüralizminin gücləndirilməsi istiqamətində yeni təcrübə və imkan əldə etmişdir. Ümumiyyətlə, son dövrlərdə qəbul edilmiş çoxsaylı qanunlar vətəndaşların Konstitusiya ilə təsbit edilmiş söz, fikir və mətbuat azadlıqlarının təminatına və hüquq müstəvisində tənzimlənməsinə sivil imkanlar yaratmışdır. Bu baxımdan Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, 19 iyun 1998-ci il tarixli “Məlumat azadlığı haqqında”, 3 aprel 1998-ci il tarixli “İnformasiya, informasiyalaşdırma və 23 İnformasiya təhlükəsizliyinin multidissiplinar problemləri üzrə II respublika elmi-praktiki konfransı, 14 may 2015-ci il informasiyanın mühafizəsi haqqında”, 7 dekabr 1999-cu il tarixli “Kütləvi informasiya vasitələri haqqında”, 12 mart 2002-ci il tarixli “Ətraf mühitə dair informasiya almaq haqqında” və digər qanunlarının əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.


Açar sözlər: ,