16.07.2021

Şəhid ailələri və müharibə əlilləri daim dövlət qayğısı ilə əhatə olunacaqdır

         Şəhid ailələri və müharibə əliləri üçün yeni salınmış yaşayış kompleksləri istifadəyə verilib .Belə komplekslərdən biri isə Xocasən qəsəbəsində  810 mənzildən ibarət olmaqla salınıb.Kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası artıq fəaliyyətə hazırdır. Şəhid ailələri və Qarabağ qaziləri üçün inşa olunmuş kompleksdə rahat yaşamaq üçün bütün imkanlar var;

Son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. 2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub-1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur ki, ümumilikdə 7200 avtomobil verilib.

Mövcud istiqamət üzrə Azərbaycanda aparılan siyasət ən humanist, ən ədalətli və vicdanlı siyasətdir.Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunur. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və bu təmin olunur. Azərbaycanda bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilmir. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Ancaq orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil və avtomobil verilmir.

İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur və bu məsələdə özəl sektor fəal iştirak edir. Təsadüfi deyil ki, özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub.

Hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün dövlət tərəfindən vasitələr təqdim olunur. Cari ildə nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır.

İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır.Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib.

Artıq bir neçə reabilitasiya mərkəzi yaradılıb və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq Azərbaycan bunu edir və bundan sonra da edəcəkdir. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan hökuməti daim onların yanındadır.

 


Açar sözlər: ,  ,