16.07.2021

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoydu

Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə  başladı. Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyirdi. Erməni silahlılarının bu vandallıqları Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusunu əks tədbirlər görməyə vadar etdi.

Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq, Prezident fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada qismən səfərbərlik elan edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edilərək irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi. Oktyabrın 3-də şimal cəbhəsində irəliləmək üçün yüksək əhəmiyyətə malik olan Tərtərin Madagiz kəndi işğaldan azad edilərək orada Azərbaycan bayrağı qaldırıldı. Elə həmin gün kəndin tarixi adı da Prezident tərəfindən bərpa edildi – Suqovuşan. Cənub cəbhəsi boyu irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut (pəhləvi dilində İkiçayarası deməkdir) qəsəbəsini düşməndən təmizləyən Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun ərazisində əlverişli mövqeləri ələ keçirdi. Düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan ordusunun ermənilər tərəfindən uydurulan “məğlubedilməz erməni ordusu” mifini məhv etməsi Ermənistan hakimiyyətini atəşkəs istəməyə məcbur etdi. Rusiyanın təşəbbüsü ilə münaqişə tərəflərinin xarici işlər nazirlərinin Moskva şəhərində 9-10 oktyabr görüşündə atəşkəslə bağlı razılıq əldə etməsinə baxmayaraq, bir neçə saatdan sonra Ermənistan tərəfi yenidən hücum cəhdi göstərdi. Əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələri  17 oktyabrda Füzuli şəhəri, 18 oktyabrda isə  Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırdı, 20 oktyabrda  isə Zəngilan şəhərini azad etdi.

Hər qarış torpaq Azərbaycanın igid əsgər və zabitlərinin canı və qanı bahasına azad edilirdi. Ali baş komandan televiziya ilə xalqa müraciət edərkən Füzuli şəhərinin azad edilməsinin çətinliyini xüsusi vurğulamış, 30 il ərzində düşmənin orada çox möhkəm istehkamlar qurduğunu söyləmişdi. Tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini azad etmək aylarla vaxt alacaq. Lakin qəhrəman Azərbaycan ordusu hərbi kitablara daxil ediləcək mürəkkəb əməliyyatla bu missiyanı yerinə yetirdi və bayraq asmağa bircə salamat binanın da qalmadığı şəhəri azad edə bildi. Oktyabrın 22-də Zəngilanın  Ağbənd qəsəbəsini azad etdikdən sonra Arazın o tayındakı soydaşları tərəfindən alqışlarla müşayiət olunan Azərbaycan əsgərləri İranla dövlət sərhədini tam nəzarətə götürdülər. Erməni hərbi birləşmələrinin geri oturdulması N.Paşinyanı bu dəfə danışıqlar üçün ABŞ-a üz tutmağa məcbur etdi. Oktyabrın 24-də ABŞ Dövlət katibi müavininin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə görüşündən sonra münaqişə tərəfləri arasında 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq humanitar atəşkəs haqqında razılıq əldə olundu. Lakin ertəsi günün səhər saatlarında düşmən ölkənin ordusu yenidən Azərbaycanın mövqelərinə hücum etdi. Məşhur “aypara” və ya “qurd tələsi” taktikası ilə əks-hücuma keçən Azərbaycan hərbçiləri Laçın dəhlizinə doğru irəliləyərək Dağlıq Qarabağdakı separatçı ünsürlərlə Ermənistanı birləşdirən əsas magistral yolun 10 kilometrliyindən artilleriya vasitəsilə buraya nəzarət etməyə başladı. Oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edildi.

Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmırdı.

Bu müharibə dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular. Müxtəlif təşkilatlar, özəl müəssisə və şirkətlərlə yanaşı, xeyli sayda vətəndaş müharibə zamanı, eləcə də atəşkəsdən sonra orduya daimi maddi dəstək verir, geyim, ərzaq, tibbi ləvazimat və s. yardım göndərməklə vətəndaşlıq borclarını yerinə yetirirdilər. Bu yardımlar o qədər geniş hal almışdı ki, Müdafiə Nazirliyi yardımlara ehtiyacın olmadığı, ordunun hər bir şeylə təmin edildiyi barədə ictimaiyyətə dəfələrlə açıqlamalar verməli olmuşdu. Ermənistana aid bəzi kütləvi informasiya mənbələri isə bu vəziyyətə heyrətini gizlədə bilmirdi. Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini məlumatlandırırdı. Hərbi əməliyyatların nəticəsi Prezidentin rəsmi Twitter hesabından operativ olaraq paylaşıldığından, vətəndaşlar o səhifədəki xəbərləri səbirsizliklə gözləyir, KİV 8 nümayəndələri də oraya istinad edirdilər. Müharibənin gedişində müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali baş komandan beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı. Azərbaycan Prezidenti erməni yalanlarına uymuş bəzi xarici müxbirlərin qərəzli suallarını soyuqqanlıqla cavablandıraraq onları məntiqli arqumentlər əsasında susdururdu. Məsələn, Almaniya televiziya kanallarından birinin müxbirinin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına İlham Əliyev çox sərrast cavab vermişdi: “Elzas və Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? ... Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir ...”. Azərbaycan növbəti dəfə hücuma məruz qalsa da, çoxsaylı ölkələr və təşkilatlar münaqişəni kəskin şəkildə qınamış və dinc əhalini hədəfə alan Ermənistana sərt reaksiya vermək, işğala son qoymaq çağırışı etmək əvəzinə hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırmışdır. Türkiyə, Pakistan, İsrail, Ukrayna, Əfqanıstan, Şimali Kipr Türk Respublikası və bir neçə başqa ölkə isə Azərbaycanın bu müharibədə haqlı tərəf olduğunu dəstəkləmiş, onun ərazi bütövlüyünü tanıdıqlarını bildirmişdir. Türkiyənin mənəvi və siyasi dəstəyi, yüksək vəzifəli rəsmilərinin müharibə müddətində Azərbaycana çoxsaylı səfərləri diplomatik mübarizədə xüsusilə əvəzedilməz rol oynadı. Ölkəmizin uğurlu xarici siyasətinin əsas istiqamətlərindən biri də Qoşulmama Hərəkatı təşkilatının işində fəal iştirak, bu təşkilata üzv ölkələrlə yaxın əməkdaşlıq münasibətlərinin qurulmasıdır. Belə ki, məhz bu ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi gedişində BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə uyğun olmayan qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alınmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda fəaliyyət göstərən ölkələrin səfirliklərinin məsul işçiləri, hərbi nümayəndələri və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin hərbi əməliyyatlar dövründə Ermənistan silahlı qüvvələri tərəfindən vandalizmə məruz qalmış Tərtərə, Gəncəyə və digər bölgələrə səfərləri təşkil olundu. Erməni işğalçılarının azərbaycanlılara məxsus abidələrə qarşı dağıdıcı və hörmətsiz davranışı dünya ictimaiyyətinə nümayiş etdirildi.Azərbaycan ordusu oktyabrın axırında Çanaqçı kəndini işğaldan azad etdi, ardından da strateji Şuşa-Laçın yolunun bir hissəsinə nəzarəti ələ keçdi. Bu zaman Şuşa şəhəri ətrafında lokal döyüşlər başladı. Azərbaycan tərəfinin hesablamalarına görə, həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri beş gün Şuşa istiqamətində piyada hərəkət etməli idi. Erməni komandanlığı Azərbaycan qoşunlarının Qırmızı Bazar istiqamətində hücuma keçəcəyini güman edirdi. Çünki Şuşaya qalxan ən rahat Şuşakənd yolu buradan keçirdi. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın idi. Lakin Azərbaycan ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə misli görünməmiş qərar verərək Şuşaya sıx Qarabağ meşələrindən 3 gün ərzində onlarla kilometr uzunluğunda yeni yol açdı. Azərbaycan ordusunun Laçın dəhlizinə nəzarət etməsi nəticəsində Şuşadakı işğalçı erməni hərbi birləşmələri əlavə dəstək almaqdan məhrum oldu. Yüngül silah-sursatla silahlanmış Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Şuşanın sıldırım qayalarına iplərlə dırmaşaraq, yaralı döyüş yoldaşlarını çiyinlərində daşıyaraq bir neçə yerdən şəhərə daxil oldu. İşğaldan azad edilmiş Daşaltı kəndindəki hərbi bölmələrin atəş dəstəyi ilə Azərbaycan ordusunun dağ piyadaları qəfil pusquya salınmış erməni əsgərlərinin sonuncu müqavimətini də qırdı. Şuşanın azad edilməsi zamanı yüzlərlə erməni hərbçisi məhv edildi, xeylisi itkin düşdü. Noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa döyüşləri barədə bunları söylədi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər.

Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.


Açar sözlər: ,