29.06.2021

Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Qürur hissi ilə deyə bilərik ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Ermənistan ordusu yoxdur. 336 tank məhv edilib, ya da ki, qənimət kimi götürülüb. Səkkiz S300 qurğusu məhv edilib, onların hava hücumuna qarşı digər artilleriya qurğuları məhv edilib. Biz Şuşanı işğalçılardan azad edəndən sonra işğalçılar məcbur olub noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atdılar. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Azərbaycan bundan sonra müzəffər ölkə kimi yaşayacaq, Ermənistan isə bundan sonra məğlub edilmiş ölkə kimi yaşayacaq.

Qələbəni əldə etmək üçün ölkədə və beynəlxalq müstəvidə böyük hazırlıq işləri görülmüşdü. Ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. İlk növbədə, beynəlxalq müstəvidə uğur qazanmalı idik və buna nail olduq. Son illər ərzində aparıcı beynəlxalq təşkilatlar bizim mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Biz sübut etməli idik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir. Biz sübut etməli idik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Çünki Ermənistan, onun xaricdəki havadarları, erməni lobbisi vəziyyətlə bağlı tam təhrif edilmiş mənzərə ortaya qoyurdular. Ona görə beynəlxalq müstəvidə real həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, mötəbər beynəlxalq təşkilatların qərarlarını qəbul etdirmək bizim üçün başlıca vəzifə idi. Belə də oldu. Aparıcı beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, hətta daim bizə qarşı ədalətsiz mövqe sərgiləyən Avropa Parlamenti, Avropa Şurası məcbur olub həqiqəti əks etdirən, bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etmişlər.

Hazırlıq işlərində iqtisadi amil aparıcı rol oynamışdır. Çünki açıq-aydın dərk edirdik ki, iqtisadi müstəqillik olmasa, biz istədiyimizə nail ola bilmərik. Çünki biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. Bizim vəsaitimiz yox idi, xəzinə boş idi, inflyasiya min faiz səviyyəsində idi, kütləvi işsizlik və səfalət hökm sürürdü, biz iqtisadi cəhətdən asılı vəziyyətdə idik. Ona görə iqtisadi müstəqillik əldə etmək başlıca vəzifələrimizdən biri idi və biz bunu artıq neçə ildir ki, təmin etmişik. Bu gün heç kimdən asılı deyilik. Bu gün iqtisadi göstəricilərə görə Azərbaycan dünyada aparıcı yerlərdədir. Bu gün inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir. Bundan əlavə, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 6 dəfə üstələyir. Ona görə iqtisadi müstəqilliyi əldə etmək, özü də çətin geosiyasi vəziyyətdə və o qədər də böyük maliyyə resursumuz olmayan dövrdə əsl siyasi məharət və uzaqgörənlik tələb edirdi və biz buna nail olduq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil. Əksinə, Azərbaycan özü kömək göstərir, Azərbaycan donor ölkədir, pandemiya dövründə 30-dan çox ölkəyə kömək göstərib və bu ölkələr bizim dost ölkələrimizdir. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun silah-sursatla təchiz edilməsi bizim imkanlarımızı bütün dünyaya göstərdi. Bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik dərgilərdə belə bir fikir ortalığa atılıb ki, hətta dünyanın aparıcı ölkəsi bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda heç bir şansı olmayacaqdı. Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.


Açar sözlər: ,