Ağsu rayonu  təhsil işçilərinin Sentyabr konfransı keçirilib .                                                                                                                                                                                                                                                                                         

      9 sentyabr 2016-cı ildə Ağsu rayonu  təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib .                                                                                                                                                                                                              

        Konfrans  iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər qoyublar.  Ağsu rayon mədəniyyət sarayında keçirilən konfransda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı cənab Ənvər Seyidəliyev, Təhsil Nazirliyinin hüquq sektorunun müdiri Rasim Verdiyev, Milli Məclisin deputatı Tahir Kərimli, İcra Hakimiyyəti başcısının müavini Sevil Mirzəliyeva, 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadov, məktəb direktorları, məktəblərdən müəyyənləşdirilmiş nümayəndələr, qabaqcıl müəllimlər, respublika səviyyəli yarışların və olimpiadaların qalibi olmuş şagirdlər və rayon ziyalıları  iştirak etmişdir.

       Konfrans şagirdlərin ifasında dövlət himninin səslənməsi ilə başlanıb. Sonra  Rayon Təhsil Şöbəsinin müdiri Tahir Xası konfrans   iştirakçılarını salamlayaraq qarşıdan gələn  2016-2017-ci tədris ilinin başlaması münasibəti ilə müəllim-şagird kollektivini təbrik edib. Məruzə edərək ötən tədris  ili ərzinda qazanılan uğurlar, görülmüş işlər, problemlər və onların həlli yolları, qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarını məlumatlandırıb. Vurğulayıb ki, həyata keçirilən təhsil islahatı, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ümumən ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı Ağsu rayonunda da öz müsbət nəticəsini göstərib. Qeyd edib ki, ötən dərs ilində rayonda 69 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərib. Həmin məktəblərdə 8457 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1067 müəllim məşğul olub. Ötən dərs ilində XI sinfi bitirən 528 məzunun 237-si ali məktəblərə qəbul olunmaq üçün sənəd verib, onlardan 107 nəfəri tələbə adını qazanıb. 73 nəfər isə orta ixtisas məktəblərinə daxil olub.

     Məktəblərin cari və əsaslı təmiri haqqında da məlumat verilmiş, 3 tam orta, 7 ümumi orta və 1 ibtidai məktəb binasının əsaslı təmir edildiyi konfrans iştirakçılarının nəzərinə çatdırılıb. Sonra Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Təhsil Nazirliyinin hüquq sektorunun müdiri Rasim Verdiyev, Milli Məclisin deputatı Tahir Kərimli, 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadov çıxış edərək ölkəmizdə təhsilin inkişafı istiqamətində görülən işlərdən, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısından, habelə yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıblar.

      Konfransda bu il ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan məzunlara qiymətli hədiyyələr verilib.