18.11.2019

Ağsu məktəbliləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarına yola salınıblar

Ağsu rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup və onları müşayiət edənlər Prezident İlham Əliyevin təşəbbüsü ilə artıq altıncı ildir ki, “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində noyabrın 18-də   Quba, Qusar  və Xaçmaz rayonlarına yola salınıblar. Dörd gün davam edəcək səfər zamanı məktəblilər respublikamızın şimal bölgəsinin tarixi, maddi-mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı ilə yaxından tanış olacaq, həmyaşıdları ilə görüşəcək, şən və mənalı istirahət edəcəklər.
      Ağsu şəhərinin mərkəzindəki Heydər Parkında keçirilən yolasalma mərasimində rayon rəhbərliyi, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tur-aksiya iştirakçıları parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər düzüblər.

Heydər Əliyev Mərkəzində tur-aksiya iştirakçıları ilə görüş olub. Rayon icra hakimiyyətinin başçısı Vahid Tağıyev çıxış edərək məktəblilərə uğurlu yol, şən və mənalı istirahət arzulayıb. Vurğulayıb ki, Prezident İlham Əliyevin tövsiyəsinə əsasən altıncı ildir həyata keçirilən bu aksiya artıq gözəl ənənə halını alıb. İcra başçısı qeyd edib ki, şagirdlərin səfər edəcəkləri Quba, Qusar və Xaçmaz rayonlarında son illər aqrar sahənin, emal müəssisələrinin, xüsusən də turizm sənayesinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Bu bölgə həm də tarixi məkanları ilə tanınır. Aksiya iştirakçıları bütün bunlar barədə məlumat alacaq, eyni zamanda, Quba Soyqırımı Memorial Kompleksində erməni vəhşiliyinin əyani şahidi olacaqlar. Azərbaycanın bu dilbər guşəsi multikultural ənənələri ilə seçilir. Yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbəyə, Quba xalçaçılıq emalatxanasına, Cümə məscidinə, Tağlı körpüyə, Xınalıq yolundakı şəlaləyə və sair yerlərə ekskursiyalar şagirdlərin yaddaşında silinməz izlər qoyacaq.
      Digər çıxış edənlər - Muradlı kənd tam orta məktəbinin direktoru Aqil Həsənov, şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova, valideyn Bəxtiyar Əhmədli, Ağsu şəhər 5 saylı tam orta məktəbin şagirdi Səbinə Qurbanova dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən maarifləndirici aksiyanın əhəmiyyətindən, şagirdlərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıblar. Vurğulanıb ki, bu səfər şagirdlərə Azərbaycanın bir parçası olan Quba, Qusar və Xaçmaz rayonları barədə hərtərəfli bilgilər əldə etmək imkanı edəcək. Çıxış edənlər bu gözəl təşəbbüsə, məktəblilərin ölkəmizi daha yaxından tanımaları, vətənpərvər ruhda tərbiyəsi, gözəl istirahəti üçün göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
      Sonra Heydər Parkında rayon musiqiçilərinin ifasında konsert olub. Şagirdlər milli rəqslərimizi həvəslə ifa ediblər.