19.11.2018

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiya başlayıb

    Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən növbəti maarifləndirici tur-aksiya çərçivəsində Ağsu rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup noyabrın 18-də Quba rayonuna yola salınıb. Məktəblilər dörd gün ərzində bu bölgənin tarixi və mədəni abidələri, qoruqları, turizm guşələri və sənaye müəssisələri ilə yaxından tanış olacaqlar.
    Gözəl ənənə halını alan tur-aksiyanın  iştirakçıları Heydər Parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra tədbir iştirakçıları  Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini  əks etdirən ayrı-ayrı guşələrlə tanış olublar.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək bildirib ki, bu aksiya yeniyetmələrdə vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu, həm də Prezident İlham Əliyevin gənc və yeniyetmələrə qayğısının bir təzahürüdür.
    Şəhər 4 saylı məktəbin direktoru Günay İnayətova, Muradlı kənd tam orta məktəbin direktoru Aqil Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin  gələcəyimiz olan uşaqlara  daim diqqət və qayğı göstərdiyini, hazırda bu missiyanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirildiyini vurğulayıblar.
    Çıxışlarda Ağsu məktəblilərinin 4 gün ərzində Quba rayonunda Cümə məscidini, Qırmızı Qəsəbəni, Quba soyqırımı Memorial kompleksini, “Azərxalça” ASC-nin Quba filialını, “ABAD Factory” İstehsalat Kompleksini, Tağlı Körpünü, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsini, “Şahdağ” Turizm Mərkəzini, Xaçmaz rayonunda isə Heydər Əliyev Mərkəzini, Xalça Muzeyini, Dövlət Rəsm Qalereyasını, “Şəxsiyyətlər Muzeyi"ni ziyarət edəcəkləri bildirildi.
    Tur aksiyada iştirak edən şagirdlərdən Bağırova Gülay, Əmirova Səmayyə və Məmmədov Babək vətənimizin şimal bölgələri ilə yaxından tanış olacağlarını, respublikamızın bugünkü sürətli inkişafını gözləri ilə görəcəklərini, bu gəzintidən çox şey qazanaraq gözəl istirahət edəcəklərini bildirərək bu tur aksiyasının həyata keçirilməsində ölkə başçısı İlham Əliyevə minnətdarlığlarını bildirdilər.