15.10.2018

 Hacman kənd ibtidai məktəbinin modul tipli tədris binası istifadəyə verilib

 11 oktyabr 2018-ci il tarixdə Hacman kənd ibtidai məktəbinin modul tipli tədris binası istifadəyə verilib. Keçirilən açılış mərasimində çixiş edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, təhsil şöbəsinin müdiri Səftər Əlabbasov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar.

Digər çıxışlarda isə  respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsu rayonunda da ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən işlərdən, həyata keçirilən layihələrdən söz açılıb. Diqqətə çatdırılıb ki, Göydəlləkli kəndində ümumi orta məktəb üçün 80 şagird yerlik modul tipli yeni bina da istifadəyə hazırdır. Bundan başqa, Abasxanlı kəndində tam orta, Sarvan və Sanqalan kəndlərində ümumi orta məktəblər üçün də 90 şagird yerlik modul tipli təzə binaların quraşdırılması üçün dövlət vəsaiti ayrılıb və yaxın vaxtlarda işlərə başlanılacaq.

Açılış mərasimində kənd bələdiyyəsinin sədri Tərlan Səmədov, habelə valideynlər çıxış edərək təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda qonaqlar yeni binada müasir inventar və avadanlıqla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri ilə tanış olublar.